RABİTƏ NAZİRLİYİ YENİ QAYDALARI SINAQDAN KEÇİRİR
Rabitə Nazirliyi abunəçilərin telefon rabitəsindən fasiləsiz və səmərəli istifadəsini daha da yaxşılaşdırmaq məqsədi ilə şəhərlərarası və beynəlxalq telefon danışığı haqlarının yığılmasında dünyada bənzəri olmayan yeni qaydalar tətbiq etmək üçün müvəqqəti təlimat hazırlamışdır.
Noyabrın 1-dən etibarən sınaq məqsədi ilə ilk dəfə Bakı şəhərində müvəqqəti tətbiq olunan yeni qaydalara əsasən, şəhərlərarası və beynəlxalq danışıq borclarını vaxtında ödəməyən abonentlərin telefonları, əvvəllərdəki kimi ikitərəfli deyil, birtərəfli bağlanacadır. Yəni abunəçi başqa yerə zəng edə bilməsə də, onun telefonuna gələn bütün zəngləri qəbul etmək imkanı olacaqdır. Beləliklə, digər telefon abunəçilərinin hüququnun məhdudlaşdırılmasının qarşısı alınacaq, xidmət mədəniyyəti yüksələcəkdir.
Yeni təlimata görə, şəhərlərarası və beynəlxalq danışıq borcu olan abonentlərin telefonlarının bağlanma vaxtı cümə, şənbə, bazar, bayramqabağı və bayram günlərinə düşdükdə, telefonlar həmin günlərdə deyil, növbəti iş günündə və yalnız birtərəfli qaydada bağlanacaqdır. Başqa bir yenilik isə ondan ibarətdir ki, 1000 manatdan az borcu olan abunəçilərin telefonları bağlanmayacaqdır.
Bakı şəhərində sınaq məqsədi ilə tətbiq edilən qaydalar müsbət nəticə verərsə, ölkəmizin hər yerində həyata keçiriləcəkdir.