Rəsmi İrəvan reallıqdan konkret nəticə çıxarmalıdır
Bakı, 17 avqust, AZƏRTAC
BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı iclası bir sıra mühüm məqamlarla yadda qaldı və mövcud reallıqların təqdimatı oldu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Ermənistanın və separatçıların "humanitar böhran" iddiasının və "blokada" şousunun iflasa uğradığını qeyd edən S.Novruzovun sözlərinə görə, rəsmi İrəvanın "humanitar problem" kimi təqdim etməyə çalışdığı məsələnin, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təxribat xarakterli və beynəlxalq hüquq normalarına, üçtərəfli Bəyanata zidd siyasi kampaniya olduğu BMT tribunasından sübuta yetirildi.
“BMT-nin tribunasından ölkəmizin mövqeyinin haqlı, yanaşmasının ədalətli olduğu bir daha öz təsdiqini tapdı. Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanması hərb meydanında məğlubiyyətə düçar olan Ermənistanın diplomatik kapitulyasiyası oldu. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən regionda sülh və sabitliyin əsasının həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınması olduğunun vurğulanması Prezident İlham Əliyevin sülh və etimad quruculuğu siyasətinin real nəticəsi, Azərbaycanın Zəfər diplomatiyasının təntənəsidir”, - deyə komitə sədri vurğulayıb.
Siyavuş Novruzov bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının üzv dövlətlərinin nümayəndələri tərəfindən səsləndirilən fikirlər və nümayiş etdirilən konkret mövqe Ermənistan üçün dərs olmalıdır: “Rəsmi İrəvan bu reallıqdan konkret nəticə çıxarmalıdır. İstər rəsmi dairələr, istərsə revanşistlər, istərsə də separatizmə dəstək verən bəzi güc mərkəzləri anlamalıdırlar ki, Ermənistan ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, kommunikasiyaların bərpası və sülh müqaviləsinin imzalanması məsələsində konstruktiv mövqe tutmalıdır. Çünki İrəvanın alternativ seçimi və əlavə şansı yoxdur”.