Respublika fənn olimpiadalarının birinci mərhələsi keçiriləcək
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 10-12-də 2020-2021-ci tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçiriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müvafiq fənlər üzrə olimpiadaların fərqli günlərdə təşkili nəzərdə tutulur. Bu, mövcud pandemiya şəraitinə uyğun olaraq şagird sıxlığının minimuma endirilməsi məqsədi daşıyır.
Fevralın 10-da riyaziyyat və kimya fənləri üzrə, fevralın 11-də fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, fevralın 12-də isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.
Olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçiriləcək. Respublika fənn olimpiadalarında iştirak etmək üçün 30 mindən çox şagird qeydiyyatdan keçib. IX, X və XI sinif şagirdlərinin, eyni zamanda, xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirak edəcəyi olimpiadaya ən çox şagird Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ən az şagird isə fizika və informatika fənlərindən qatılacaq. Şagirdlərə tapşırıqlar Azərbaycan və rus bölmələrinə müvafiq olaraq iki dildə təqdim ediləcək.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.