Respublika Günü Tacikistanda da qeyd edilmişdir
Düşənbə, 28 may (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyi 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirmişdir.
Tədbirdə Tacikistan hökumətinin üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri, elm, təhsil, mədəniyyət xadimləri, diasporumuzun təmsilçiləri, jurnalistlər iştirak etmişlər. Qonaqlar arasında müstəqil Tacikistanın ilk Prezidenti Kaxar Mahkamov, keçmiş xarici işlər nazirləri Talbak Nazarov və Xamroxon Zarifi də olmuşlar.
Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndikdən sonra səfir Abbasəli Həsənov çıxış edərək müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi və fəaliyyəti haqqında danışmışdır. Bildirilmişdir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən respublikamız ilk illərdə müharibə və xaosla üzləşmiş, nəticədə torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan A.Həsənov bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunması haqqında 4 qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu sənədləri hələ də yerinə yetirmir və münaqişənin həll olunmaması region üçün böyük təhlükə yaradır.
Səfir demişdir ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra atəşkəs əldə edilmiş, 1994-cü ildə dünyanın böyük şirkətləri ilə “Əsrin müqaviləsi” imzalanmış, Azərbaycana qoyulan investisiyanın həcmi ilbəil artmış, əhalinin sosial vəziyyəti yaxşılaşmış, iqtisadiyyatın dirçəldilməsi təmin olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tutmuş, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilmişdir.
Sonra Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Azərbaycan-Tacikistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyanın həmsədri Şarif Rahimzoda çıxış etmişdir. O, bayram münasibəti ilə Azərbaycan xalqını təbrik etmiş, Tacikistanın və Azərbaycanın etibarlı tərəfdaşlar olduğunu diqqətə çatdırmışdır. Nazir qeyd etmişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri və səmimi münasibətlərinin olması ikitərəfli əlaqələrin inkişafına təkan vermişdir.
Mərasim iştirakçılarına Respublika Günü ilə bağlı Azərbaycan, tacik, ingilis və rus dillərində hazırlanmış məlumatlar toplusu, səfirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə yazıçı-publisist Elmira Axundovanın tacik dilində nəşr etdirilmiş altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman”, N.Zinkeviçin “Həyatın keşməkeşləri” kitabları, eləcə də “İrs” jurnalının yeni nömrələri paylanmışdır.
Mərasimdə xanəndələrimizin ifasında səslənən Azərbaycan muğamları, xalq mahnıları və təsnifləri qonaqlarda maraq doğurmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə