Rəssamlıq Akademiyasının tələbəsi: SABAH İncəsənət Festivalı gənclərin peşəkar inkişafına töhfə verir
Bakı, 1 iyul, AZƏRTAC
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Rəssamlıq Akademiyasının sənaye dizaynı ixtisasının tələbəsi Röya Baxşılı söyləyib.
Festivalda milli motivlərlə işlənmiş əl işlərini nümayiş etdirən tələbə belə tədbirlərin gənc rəssam və dizaynerlər üçün mühüm platforma olduğunu bildirib. Onun sözlərinə görə, bu cür festivallar tələbələrin yaradıcılıq nailiyyətlərinin geniş ictimaiyyətə təqdim edilməsinə, təcrübə mübadiləsinə və peşəkar inkişafına töhfə verir.
Röya Baxşılı qeyd edib ki, təqdim etdiyi əsərlər marketri (marquetry) sənəti texnikası ilə hazırlanıb. Marketri müxtəlif rəng və teksturaya malik nazik ağac lövhəciklərinin kəsilərək müəyyən kompozisiya şəklində bir səth üzərinə yerləşdirilməsi ilə icra olunan dekorativ-tətbiqi sənət növüdür. Bu texnika vasitəsilə mebel, divar panelləri və dekorativ əşyalar üzərində naxışlar və təsvirlər yaradılır. Marketri sənəti yüksək əl işi, estetik görünüşü və ağacın təbii rəng və teksturasından istifadə etməklə rəsm effekti yaratması ilə seçilir və xüsusilə interyer dizaynında geniş tətbiq olunur.
Müxbir – Tünzalə Zeyvəliyeva