Romada Novruz bayramı münasibətilə konsert təşkil olunub





Roma, 17 mart, AZƏRTAC
İtaliyanın paytaxtı Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə İtaliyada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz və yerli qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mədəniyyət mərkəzinin direktor müavini Gülnar Tağızadə tədbirdə çıxış edərək baharın müjdəçisi olan Novruz bayramı haqqında qonaqlara məlumat verib.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov isə bildirib ki, Novruz Azərbaycan xalqının ən qədim və əziz bayramı kimi bir sıra özünəməxsus adət-ənənələrə malikdir və ölkəmizdə hər il böyük şövqlə bayram edilir. Qeyd edilib ki, sülh, əmin-amanlıq və sevgi bayramı olan Novruzda bütün incikliklər köhnə ildə qalır, küsülülər barışır, qohum və dostlar bir-birinə baş çəkir, insanlar əsl bayram əhvali-ruhiyyəsində olurlar.
Diqqətə çatdırılıb ki, xalqımızın bu əziz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan edib. 2011-ci ildə isə ATƏT-in Baş Katibliyi Novruzu rəsmi bayramlar təqviminə daxil edib.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, eləcə də Macarıstan olmaqla yeddi ölkəni təmsil edən istedadlı qadın musiqiçilərdən ibarət “Turan Manafzadə və Yeddi Gözəl” qrupunun konserti olub. Qrupun dirijoru və solisti Azərbaycanın Əməkdar artisti, bəstəkar və pianoçu Turan Manafzadədir.
Konsertdən sonra qonaqlar ziyafətə dəvət edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma