Roman Qureviç: İsrail və Azərbaycan təcavüzkarın hücumunu dəf edə bilən güclü ölkələrdir
Bakı, 18 iyul, AZƏRTAC
“İsrailin müdafiə naziri Yoav Qalantın Azərbaycana səfəri işgüzar olub. O, səfər əsnasında Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri və Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşüb. Səfərin məqsədi iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi olub”.
AZƏRTAC xəbər verir ki, bu barədə israilli politoloq Roman Qureviç “STMEGI” saytına bildirib.
Onun sözlərinə görə, mövcud olan məlumatlara əsasən, Azərbaycanın 2016-2020-ci illərdə silah idxalının 69 faizi İsrailin payına düşüb.
“Şübhəsiz ki, bu, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş ərazilərin azad edilməsinə xidmət edib. Son zamanlar ölkələr arasında kibertəhlükəsizlik sahəsində də əməkdaşlıq inkişaf edir ki, bu da istənilən ölkənin həyati vacib infrastrukturların müdafiəsi üçün zəruridir. Təsadüfi deyil ki, Azərbaycanda İsrailin köməkliyi ilə kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün kurslar açılıb.
Müasir dünyada bir çox müharibələr kiberməkanda aparılır, təhlükəsizliyi təmin etmək və elektrik stansiyaları, neft yataqları, hava limanları və bu kimi digər həyati vacib infrastrukturları müdafiə etmək bacarığı prinsipcə çox vacibdir. Ehtimal edə bilərəm ki, söhbət, o cümlədən bu barədə gedib və ya gedə bilərdi”, - deyə R.Qureviç qeyd edib.
Politoloq deyib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər artıq çoxdandır ki, sadəcə tərəfdaşlıq xarakterinə yüksəlib.
“Bu, ümumi maraqlara əsaslanan möhkəm dostluq münasibətləridir, İsrail və Azərbaycanın özünü müdafiə etmək və təcavüzkarın hücumunu dəf etmək qabiliyyətinə malik güclü ölkələr olduğunu anlamaq vacibdir. Eyni zamanda, iki ölkə arasında əməkdaşlıq heç bir halda istənilən üçüncü ölkəyə qarşı yönəlməyib, yalnız regionda sabitliyin möhkəmləndirilməsinə istiqamətlənib. Məhz bu səbəbdən regionda sabitlik, sülh və inkişafın gücləndirilməsinə şərait yaradan bu əməkdaşlığı inkişaf etdirmək və genişləndirmək prinsipcə vacibdir”, - deyə R.Qureviç bildirib.