COP29
Rusiya energetika bazarlarında şokun qarşısını almaq üçün bütün yanacaq növlərinə investisiya qoymağa çağırır
Moskva, 27 noyabr, AZƏRTAC
Rusiya enerji bazarlarına zərbə vurmamaq üçün bütün mövcud yanacaq növlərinə investisiya qoymağa çağırır və enerji keçidində təbii qazın əsas rolunu vurğulayır.
AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində Rio-de-Janeyroda keçirilən G20 sammitinin tədbirlərində enerji təhlükəsizliyi mövzusunun müzakirəsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Əvvəllər olduğu kimi, Rusiya nümayəndə heyəti bütün iştirakçıları ənənəvi enerji sektorlarına investisiyaların azaldılması hesabına bərpaolunan enerji sektoru üçün qlobal maliyyələşdirmənin artırılmasının ardınca getməyə qarşı xəbərdar etdi. Hesab edirik ki, enerji bazarlarında şokların qarşısını almaq və enerji yoxsulluğu probleminin həlli üçün bütün mövcud yanacaq növlərinə sərmayə qoymaq lazımdır”.
Rusiya XİN-in rəhbəri əlavə edib: “Biz enerjiyə keçid vəzifəsini ucuz, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə universal çıxışın təmin edilməsi kontekstində nəzərdən keçiririk. Bu prosesdə əsas rolu bütün karbohidrogenlərin ən təmizi və ideal keçid yanacağı olan təbii qaza veririk”.
S.Lavrov qeyd edib ki, hazırda beynəlxalq platformalarda aşağı emissiyalı texnologiyalardan istifadəyə keçidlə bağlı fəal müzakirələr aparılır. “Buradan belə bir nəticə hasil olur ki, karbon qazı (CO2) emissiyaları istixana effekti yaradır və bu da öz növbəsində iqlimin istiləşməsinə səbəb olur. Nəticə ondan ibarətdir ki, CO2 emissiyaları məhdudlaşdırılarsa, temperatur yüksəlməyəcək və ya bu proses sürətlə baş verməyəcək”.
Eyni zamanda, nazir belə bir mövqenin bütün elmi dairələrdə dəstəklənmədiyinə də xüsusi diqqət yetirib. “Belə bir düşüncə məktəbi də var ki, onun nümayəndələri konkret faktlardan istifadə edərək və çox inandırıcı şəkildə iqlim dəyişikliyinin dövri proses olduğunu göstərirlər. Buna görə də yumşaq desək, iqlim dəyişikliyi ilə mübarizə tərəfdarlarının hesablamalarında antropogen amilin əhəmiyyəti çox şişirdilib”, - deyə o vurğulayıb.
S.Lavrovun sözlərinə görə, Bakıda keçirilən COP29 zamanı inkişaf etmiş ölkələrin nümayəndələri inkişaf etməkdə olan ölkələrdən olan həmkarlarını əmin ediblər ki, onlara yaşıl layihələrə illik 300 milyard dollar məbləğində maliyyə dəstəyi veriləcək. Nazir əlavə edib: “Sizə xatırlatmaq istərdim ki, Qərb yaşıl maliyyələşdirmə ilə bağlı əvvəlki öhdəliyini yerinə yetirməyə cəsarət etmədi, həmin məbləğ vəd edilən vəsaitlərin illik həcmindən üç dəfə az idi”.
Rusiyanın xarici işlər naziri bəyan edib ki, Moskva inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə yardım etmək üzrə öhdəliklərini yerinə yetirməsində israr edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva