Rusiya sülhməramlılarının daha iki avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub
Şuşa, 19 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 39-cu günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus biri zirehli, digəri isə yük avtomobili olmaqla iki avtomobilin Xankəndidən Laçına doğru sərbəst hərəkəti təmin edilib.
Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur və siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.