CƏMİYYƏT
Rustavidəki məktəbdə Ulu Öndərin 100 illik yubileyi qeyd olunub
![](/files/galleryphoto/2023/3/1200x630/17029867386107956122_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702986738365407241_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/170298673825614178_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029867382407232688_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029867384516941491_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029867383262011624_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029867381439459296_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17029867381570926814_1200x630.jpg)
Tbilisi, 19 dekabr, AZƏRTAC
Gürcüstanın Rustavi şəhərindəki 18 saylı ictimai məktəbdə “Heydər Əliyev İli”nin yekunlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Salam Mədəni-Xeyriyyə Təşkilatı”nın təşkilatçılığı və Azərbaycanın Gürcüstandakı səfirliyin dəstəyi ilə reallaşıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar səfirliyin təşkilatçılığı, təşəbbüsü və dəstəyi ilə Gürcüstanda silsilə tədbirlər keçirilib. Diplomat Azərbaycan və Gürcüstan arasındakı qardaşlıq münasibətlərindən söz açıb, əlaqələrimizin inkişafında və dostluğumuzun daha da möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. O, tədbirdə məktəbin Azərbaycan bölməsinin şagird və müəllimləri ilə yanaşı, gürcü uşaqların da iştirakını bu dostluğun bariz nümunəsi olduğunu qeyd edib: “Yaxın günlərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edəcəyik. Bayram ərəfəsində keçirilən bu tədbirdə gürcü dostlarımızın da iştirakı təkcə azərbaycanlıların deyil, iki dost və qardaş xalqın həmrəyliyinin göstəricisidir”.
Məktəbin direktoru Natalya Cavaxişvili bildirib ki, Azərbaycan səfirliyinin dəstəyi ilə dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubiley tədbirinin Rustavi şəhər 18 saylı ictimai məktəbdə keçirilməsi dostluq münasibətləri ilə yanaşı, həm də gürcü xalqının dahi şəxsiyyətə olan sevgisinin göstəricisidir.
“Salam Mədəni-Xeyriyyə Təşkilatı”nın sədri Maya Rəcəbova tədbirin təşkilinə göstərdiyi dəstəyə görə səfir Faiq Quliyevə təşəkkür edib. Bildirib ki, məktəblərdə bu cür tədbirlərin keçirilməsi dostluq münasibətlərimizin daha da möhkəmlənməsində və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Onun sözlərinə görə, bu cür tədbirlər davamlı olacaq.
Sonra məktəbin şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər. Məktəblilər “Azərbaycan”, “Vətəndaş olaq”, “Şuşanın dağları”, “Sağ ol, ey Vətən”, “Sarı gəlin”, “Tərəkəmə”, “Millətim” və digər Azərbaycan və gürcü xalq mahnı və rəqslərini ifa ediblər. Şagirdlərin çıxışları alqışlarla qarşılanıb.
Sonda səfirlik adından məktəbə kompüter dəsti, direktora “Xarı bülbül” xatirə medalı, direktorun müavini Natiya Subitidzeyə “Heydər Əliyev xatirə medalı” təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi