“SABİT ŞƏHƏRLƏRƏ DOĞRU” NƏŞRİNİN TƏQDİMATI KEÇİRİLMİŞDİR
Nəşrin müəlliflərindən biri Fikrət Cəfərovun sözlərinə görə, bu kitab keçid iqtisadiyyatlı ölkələrdə şəhərlər üçün XXI əsrdə fəaliyyətə dair təlimatdır.
“Sabit şəhər“ anlayışına inkişafın xalqın özgünlüyünün qorunub saxlanması, əhalidə mötədillik mədəniyyətinin və ekoloji yönümlü mentallığın formalaşdırılması kimi cəhətləri, habelə həyətyanı ərazilərin yüksək səviyyədə abadlaşdırılması, yaşayış massivləri ətrafında yaşıllıqların, istirahət zonalarının, uşaq oyun meydançalarının və yeraltı qarajların yaradılması və genişləndirilməsi kimi gündəlik problemlər daxildir. Kitabda bu məqsədlərin həyata keçirilməsi yolları və mexanizmləri göstərilmişdir.
Nəşrdə Buzovna qəsəbəsində və Quba şəhərində tədqiq edilmiş sosial və ekoloji vəziyyət təsvir olunmuşdur. Bu yaşayış məntəqələrinin bələdiyyə nümayəndələri sabit şəhərlər ideyasına böyük maraq göstərdiklərini söyləmişlər.
Xatırladaq ki, sabit inkişaf ideyası dünyada 1992-ci ildən yayılmağa başlamışdır. Kitabda “Avropa şəhərləri sabit inkişaf yolunda” Olborq Xartiyası verilmiş və XX1 əsrdə Belarusda, Böyük Britaniyada, Estoniyada, Rusiyada və Litvada fəaliyyət planlarının həyata keçirilməsinə dair misallar gətirilmişdir.
Kitab İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə nəşr edilmişdir.