ŞAHZADƏ DİANANIN OĞULLARI CAN ÜSTÜNDƏ OLAN ANASININ FOTOŞƏKLİNİN DƏRCİNİ PİSLƏMİŞLƏR
Diana ilə qəzada həlak olmuş Dodi əl-Fayedin atası Məhəmməd əl-Fayed də bu faktı pisləmişdir. O demişdir: “Jurnal şahzadənin ölümlə həyat arasında mübarizə apardığı bir məqamdakı fotoşəklini vermişdir və bu fakt məni həm kədərləndirir, həm də qəzəbləndirir”.
İtaliyanın “Chi” jurnalı əzilmiş “Mersedes” avtomobilində ölməkdə olan şahzadənin fotoşəklini onun üzünə oksigen maskası geydirilən vəziyyətdə dərc etmişdir. Foto Jan-Mişel Karadeşin Diananın ölümünün təhqiq edildiyi kitabı haqqında məqaləyə illüstrasiya kimi verilmişdir. Jurnalın redaktoru Umberto Brindani bildirmişdir ki, fotoşəkli şahzadənin siması zərif və təsirli olduğu üçün dərc etmişdir. Onun fikrincə, burada Diana ölüyə deyil, yatmış gözələ bənzəyir.
Britaniya KİV-ləri, o cümlədən bəzən özləri bu cür əhvalatları işıqlandırmaqdan çəkinməyən bulvar qəzətləri fotəşəklin dərcini pisləmişlər. Britaniyanın “Sun” qəzeti birinci səhifəsində “Sizə ayıb olsun!” başlığı ilə çıxmışdır.
Xatırladaq ki, şahzadə Diana və onun sevgilisi Dodi əl-Fayed 1997-ci il avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olmuşlar.