Salyan şəhərinin Babazanlı yaşayış massivində tikilən uşaq bağçasının inşası başa çatıb
Salyan , 22 mart, Mahir Babayev, AZƏRTAC
Salyan şəhərinin Babazanlı yaşayış massivində tikilən 60 yerlik uşaq bağçası-körpələr evinin inşası tam başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq binanın dam örtüyü vurulub, qapı və pəncərələr quraşdırılıb, daxilində elektrik, su kanalizasiya xətləri çəkilib, divarlar rənglənib, kafel-metlax işləri görülüb. Bağçada su anbarı tikilib, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istilik sistemi quraşdırılıb.
Məktəbəqədər müəssisədə yataq, oyun, tədris, tibb, mətbəx və digər yardımçı otaqlar var. Bağçanın həyətində abadlıq işləri aparılıb, tamet döşənib, yaşıllıqlar salınıb. Ərazidə uşaqların əylənməsi üçün oyun meydançaları və müxtəlif qurğular tikilib, otaqlarda yeni inventar və texniki vasitələr quraşdırılıb.
Uşaq bağçası yaxın günlərdə istifadəyə veriləcək.