Salyanda 5 kənd yolunun yenidən qurulması işləri yekunlaşır VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə Salyan rayonunda respublika əhəmiyyətli Salyan-Neftçala avtomobil yolundan ayrılan və Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması layihəsinin icrası son mərhələ üzrə davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 15,3 kilometr təşkil edir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 6 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.
Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. İşlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Yolun eni 10 metrə qədər genişləndirilib. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihə çərçivəsində, deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılıb. Daha sonra tikinti norma və standartlarına uyğun olaraq yol əsasının alt və üst layının inşası işləri görülüb və yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə başlanılıb. Artıq yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir. Layihənin sonuncu mərhələsi olaraq kilometr göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.
Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlif diametrli yeni borular tikilib. Belə ki, yolboyu müxtəlif diametrlərə malik 278 poqonometr uzunluğunda 28 yeni metal və dəmir-beton suötürücü borular quraşdırılıb.
Ümumilikdə, 6 mindən çox vətəndaşın sosial rifah halına müsbət təsir göstərəcək yolun yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yaxın müddətdə yekunlaşdırılacaq. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.