Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları beynəlxalq toplantıda məruzə ediblər
Bakı, 8 fevral, AZƏRTAC
Avropa Kosmik Agentliyinin Beynəlxalq Gaia missiyası çərçivəsində Gaia OPTİCON qrupunun 11-ci işçi toplantısı (workshop) keçirilib.
Müxtəlif ölkələrdən olan alimlərin qatıldığı toplantıda fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılovun rəhbərliyi ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının alimləri də iştirak edib.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, onlayn formatda keçirilən toplantının məqsədi aparılan tədqiqatların hazırkı vəziyyəti və qarşıda duran planların müzakirə edilməsi olub. Rəsədxana alimləri tədbirdə ingilis dilində “Şamaxı Rəsədxanasında bəzi zəif parlaqlıqlı tranzient obyektlərin spektral və fotometrik müşahidələri" mövzusunda məruzə ilə çıxış ediblər. Məruzədə Şamaxı Astrofizika Rəsədxanasında aparılan müasir spektral və fotometrik müşahidə metodları, Gaia20dqe SNI ifratyenisinin müşahidəsinin nəticələri təqdim olunub.
Qeyd edək ki, Gaia OPTİCON proqramı çərçivəsində il ərzində zəif parlaqlıqlı tranziyent obyektlər - ifratyenilərdən tutmuş daha nadir sayılan mikrolinzalı obyektlər, qara dəliklər, kvazar alışmaları, cavan ulduzlar, Be tip ulduzlar öyrənilməkdədir. Rəsədxana əməkdaşları hazırda professor N.İsmayılovun rəhbərliyi altında bu proqramlarda fəal iştirak edirlər.