Şamil Nəcəfov: Qərb bölgəsinin kurqanları qədim sənətkarlıq və hərbi tariximizi işıqlandırır
Bakı, 12 mart, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunun doktorant və dissertantları üçün aparıcı elmi işçi dosent Şamil Nəcəfovun “Azərbaycanın qərb bölgəsində kurqan mədəniyyəti” mövzusunda mühazirəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ş.Nəcəfov Azərbaycanın qərb bölgəsi, xüsusilə Gəncə-Qazax və Qarabağ ərazilərinin qədim kurqan mədəniyyəti tapıntıları ilə zəngin məkanlardan biri olduğunu vurğulayıb, bu dəfn adətinin əsasən Tunc dövrünə (e.ə. IV-II minilliklər) aid edildiyi və həmin dövrün insanlarının dini-ideoloji təsəvvürlərini əks etdirdiyini diqqətə çatdırıb. O, Qərb bölgəsindəki kurqanlardan (məsələn, Xocalı, Şəmkir və Ağstafa ərazisindəkilər) tunc silahlar, qızıl bəzək əşyaları, naxışlı saxsı qablar və bəzən at skeletləri aşkar edilməsi barədə doktorantlara ətraflı məlumat verib.
Alim qeyd edib ki, Qərb bölgəsindəki kurqanlar vahid bir dəfn adəti olsa da, əraziyə görə müəyyən fərqliliklər nümayiş etdirir. Bu bölgə üçün xarakterik olan Xocalı-Gədəbəy mədəniyyəti çərçivəsində öyrənilən kurqanlar qədim tayfaların həm hərbi sənətinə, həm də sənətkarlıq bacarıqlarını işıqlandırır.