Şavkat Mirziyoyevin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ açacaq
Bakı, 23 avqust, AZƏRTAC
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri iki ölkə arasında olan münasibətləri yeni mərhələyə daşıyacaq.
Bunu AZƏRTAC-a açıqlamasında QHT sədri, internet-media ekspert Səbuhi Abbasov deyib. O qeyd edib ki, ölkələrimiz arasında diplomatik əlaqələr 1995-ci ildən qurulsa da, xalqlar arasında daima bağlılıq olub. Onun sözlərinə görə, tarixi bağlılıq bu günə qədər qorunub saxlanılıb. Ulu Öndər Heydər Əliyevin Özbəkistana səfərləri zamanı iki qardaş ölkənin gələcəkdə daha da sıx əlaqələrin qurulmasının vacibliyini vurğulamışdı. Bu xüsusda Prezident İlham Əliyevin türk dünyasına inteqrasiya prosesində oynadığı rola xüsusi diqqət etmək lazımdır. Bundan əvvəl Prezident İlham Əliyev Özbəkistana səfər etdi, bir sıra müqavilələr imzalandı, siyasi protokollarla yanaşı, iki qardaş ölkənin bir-birilərinə olan münasibətlərin əsl üzünü bütün dünyaya nümayiş etdirdi.
Məhz bunun nəticəsidir ki, hər iki ölkə arasında 154-dən çox müxtəlif məzmunda və perspektivdə sənədlər imzalanıb. S.Abbasov əlavə edib ki, 44 günlük savaşdan sonra qalib ölkənin, qalib lideri ilə görüşür, işğaldan azad edilmiş Qarabağımıza səfər edir, açılışlara qatılır. Münasibətlərin bu səviyyədə olması türk dünyasının vahidləşmə prosesini sürətləndirir. Bu tarixi proses, sözün əsl mənasında, yeni geosiyasi reallıqlar yaradır. Ekspert qeyd edib ki, kökümüz, soyumuz, dilimiz, dinimiz eynidir və bu həssas uyğunluqlarımızı diplomatik masaya qoymaq və yaşatmaq böyük siyasi iradə tələb edir.