Səbail rayonunda Milli Mətbuat Günü münasibətilə tədbir təşkil olunub
Bakı, 20 iyul, AZƏRTAC
İyulun 20-də Milli Mətbuat Günü münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının tərəfindən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəqəmsal media ilə iş sektorunun məsul əməkdaşı Rahu Şirinova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli və müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bu əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib. Bildirilib ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdı. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkəmizdə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb, onun vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb.
Sonra 22 iyul - Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalistə təşəkkürnamələr təqdim olunub.
Sonda xatirə fotoları çəkdirilib.