Səfir: Turizm Azərbaycan–Yaponiya münasibətlərini yeni mərhələyə yüksəldə bilər VİDEO
Bakı, 20 fevral, foto Səfiyar Məcnun, AZƏRTAC
Turizm sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biridir. Azərbaycan və Yaponiya arasında qarşılıqlı turist axınının artırılması, mədəni əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsi münasibətlərin daha da inkişafına təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe deyib.
Səfir bildirib ki, turizm sahəsində əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu çərçivədə turizm şirkətləri arasında əlaqələrin qurulması, birbaşa uçuş imkanlarının artırılması və ortaq mədəni tədbirlərin təşkili nəzərdə tutulur.
"Hər iki ölkə zəngin tarixə və mədəni irsə malikdir. Bu potensialdan səmərəli istifadə olunması Azərbaycan–Yaponiya münasibətlərinin yeni mərhələyə yüksəlməsinə şərait yarada bilər", - deyə o əlavə edib.