Səhiyyə Nazirliyi: İnaktiv qrip peyvəndi bütün poliklinikalara paylanılıb
Bakı, 18 yanvar, AZƏRTAC
İnsanlar rahatlıqla öz yaşayış məntəqələrinə yaxın Ailə Sağlamlıq Mərkəzlərinə müraciət edərək heç bir ödəniş etmədən qripə qarşı peyvənd oluna bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instagram səhifəsində canlı yayımında izləyicilərin suallarını cavablandıran Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev açıqlayıb.
V.Əliyev qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən ölkəyə (İİV 4) inaktiv qrip peyvəndi gətirilərək bütün poliklinikalara paylanılıb.
Onun sözlərinə görə, risk qrupunda olan insanlar əvvəllər peyvənd etməyiblərsə, fevral ayına qədər peyvənd vurdura bilərlər: “Qrip əsasən oktyabr ayından başlayaraq, dekabr ayında artan və hər il aprel-may aylarını da əhatə edən dövrdə aktiv görülür. Bu səbəbdən qrip peyvəndi hər il oktyabr ayından başlayaraq vurulmalıdır. Bununla yanaşı qripdən qorunmaq üçün tez-tez əl yumaq, sağlam qidalanma və mövsümə uyğun geyinmək kimi şəxsi ehtiyat tədbirləri ilə yanaşı, xüsusilə peyvənd risk altında olan insanlar üçün ən təsirli qorunma üsuludur”.