Şəkidə indiyədək 20 min hektardan çox taxıl sahəsinin məhsulu biçilib
Şəki, 19 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini kampaniyası mütəşəkkil davam etdirilir. İndiyədək 19 min 480 hektarı arpa, 820 hektarı buğda olmaqla, 20 min 300 hektar sahənin məhsulu biçilib, 58 min 570 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 28,8 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, cari mövsümdə rayonda 66 min 104 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 36 min 180,3 hektarını buğda, 29 min 923,7 hektarını dən üçün arpa sahələri təşkil edir. Taxıl biçininin mütəşəkkil şəkildə keçirilməsini təmin etmək üçün Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində xüsusi qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Ümumilikdə, biçin kampaniyasına 136 ədəd taxılbiçən kombayn, 96 ədəd küləşpresləyən aqreqat, 257 ədəd şum traktoru, 360-dək yük maşını, traktor, qoşqu və digər texnikalar cəlb olunub. Hazırda sahələrdə 129 taxılbiçən kombayn işləyir.