REGİONLAR
Sel Qubanın Söhüb və Cimi kəndlərində fəsadlar törədib
Quba, 5 iyul, Elxan Yusifli, AZƏRTAC
Qubada yağan güclü leysan yağışları nəticəsində yaranan sel suları rayonun ucqar Söhüb və Cimi kəndlərində fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Söhüb kəndində sel suları bir evin həyətinə və mağazaya dolub. Bundan başqa kəndi rayon mərkəzi ilə birləşdirən yoldakı, Nəzərçay üzərindəki avtomobil körpüsünə də ziyan dəyib.
“Əvvəlcə leysan yağışı ardınca dolu yağdı. Ətraf qar yağırmış kimi ağardı. Yağıntı qısa müddətdə davam etsə də güclü sel yarandı. Sakinlər arasında xəsarət alan yoxdur. Təsərrüfatlara da ciddi ziyan dəyməyib. Kəndin yol infrastrukturuna ziyan olub. Əlaqədar qurumlara məlumat vermişik. Yolun bərpası üçün texnika göndəriləcək”, - deyə Söhüb bələdiyyəsinin sədri Hacıbala Hacıyev söyləyib.
Yağış nəticəsində dağlıq Cimi kəndinin mərkəzi küçəsindən güclü sel keçib. Nəticədə qaz təsərrüfatına ziyan dəyib, bir neçə həyətə sel suları daxil olub.
Quba Rayon İcra Hakimiyyəti başçısının Qonaqkənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rasim Bəşirov bildirib ki, qısa müddətdə davam edən leysan yağışı nəticəsində yaranan sel suları ciddi fəsadlar törətməyib. Kəndin yoluna, qaz xəttinə ziyan dəyib. Sakinlər arasında xəsarət alan yoxdur.