MƏDƏNİYYƏT
Şəmil Sadiq: Məqsədimiz uşaqlara kitabı sevdirmək, onları mütaliəyə alışdırmaqdır
Bakı, 9 aprel, Emil Məlikov, AZƏRTAC
İkinci Uşaq Kitab Festivalında 24 nəşriyyat iştirak edir. Ötən ildən təşkil edilən bu festival ölkəmizdə və ümumən MDB məkanında bir ilkdir. “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi olaraq bu festivalın təşkilindən qürur duyuruq. Keçən il də bu festivala maraq çox idi, təqribən 20 minə yaxın insan iştirak etmişdi. Bu dəfə də insanların buraya axınını müşahidə edirik və bu statistik rəqəmin 50 min olacağını düşünürük.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İkinci Uşaq Kitab Festivalında iştirak edən “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq deyib.
“Festivalın budəfəki məkanı keçənilki sərgi ilə müqayisədə çox genişdir. Dövlət qurumları və özəl nəşriyyatların təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən İkinci Uşaq Kitab Festivalında hər kəs öz stendi ilə iştirak edir. Girişi sərbəst olan sərgi aprelin 11-dək davam edəcək. Qardaş ölkə olan Türkiyədən də bir neçə uşaq yazarı burada iştirakçılar sırasındadır. Qarşıdakı illərdə bu festivalı beynəlxalq səviyyədə keçirmək niyyətindəyik. Biz hətta bölgələrimizdə də kitab tanıtımına başlamışıq. Bu istiqamətdə işlər davam etdirilir. Məqsədimiz uşaqlara kitabı sevdirmək, onları mütaliə etməyə alışdırmaqdır. Bu, işıqlı gələcəyimiz üçün çox vacib amillərdəndir. Düşünürəm ki, kitab təbliğatını biz uşaqlardan başlamalıyıq. Əgər uşaqlarımızı kitabların dostu kimi yetişdirə bilsək, bu bizim işıqlı gələcəyimizə bir sərmayə olacaq. Kitaba, təhsilə, mütaliəyə bağlı olan uşaqlar yetişdirmək isə güclü dövlətin, uğurlu millətin qarantıdır”, - deyə Ş.Sadiq bildirib.