Serhat Köksal: Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan son onilliklər ərzində güclü institutlara, müasir infrastruktura və şaxələndirilmiş istehsal bazasına malik dinamik iqtisadiyyatı olan ölkəyə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının sədrliyi ilə Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantısındakı çıxışı zamanı bankın prezidenti Serhat Köksal deyib.
O vurğulayıb ki, Azərbaycan bu gün yalnız aparıcı enerji istehsalçısı kimi deyil, həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji nəqliyyat və logistika qovşağı kimi mühüm rol oynayır.
Serhat Köksal əlavə edib ki, bankın Azərbaycandakı fəaliyyəti ölkənin dəyişən iqtisadi prioritetlərinə uyğun olaraq daim inkişaf edib.
“Bakıda keçirilən İllik Toplantı yeni tərəfdaşlıqların qurulması, investisiya imkanlarının qiymətləndirilməsi və Azərbaycanın növbəti inkişaf mərhələsinə praktiki dəstək mexanizmlərinin müzakirəsi üçün mühüm platformadır”, - deyə o bildirib.
Serhat Köksal təmsil etdiyi qurumun Azərbaycanın davamlı inkişafına töhfə verəcək yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Fotoqraf - Azər İbrahimov