Şərqşünas alimin “Ərəb dili” kitabı nəşr olunub
Bakı, 8 fevral, AZƏRTAC
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab 20 dərs, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-azərbaycanca qısa lüğətdən ibarətdir. Mövzular sadədən mürəkkəbə, asandan çətinə semestrlər üzrə bölüşdürülüb. Nəşrdəki 20 dərsdə ərəb dilinin fonetikası, morfologiya və sintaksisi tələbələrdə lazımi söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir. Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrdə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir.
Kitabda qarşıya qoyulmuş başlıca məqsəd ərəb dili üzrə oxu, yazı və tərcümə bacarıqları formalaşdırmaq, tələbələrdə müasir ərəb dilinin lazımi səviyyədə mənimsənilməsini təmin edəcək məlumat bazası yaratmaqdır.
Dərs vəsaiti Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dinşünaslıq və islamşünaslıq ixtisasları üzrə təhsil alan I-II kurs tələbələri və ərəb dili ilə maraqlananlar üçün nəzərdə tutulur.