Səxavət Sahil: Yeni mərhələdə olan milli kinomuzun uğurlarına böyük ümidlər bəsləyərik
Bakı, 2 avqust, AZƏRTAC
Müstəqillik illərindən başlayaraq Azərbaycanda kino sənayesi zəifləməyə başladı. Ara-sıra ümidverici filmlər çəkilsə də, ümumilikdə keçən bu dövrü o qədər də uğurlu saymaq olmaz. 125 illik Azərbaycan kinosunun son dövründə durğunluq olsa da, ümumilikdə kinomuz kifayət ciddi yol keçib, ciddi sənət nümunələri yaranıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış ssenarist və prodüser Səxavət Sahil bildirib.
“Yeni yanaşma, yeni düşüncə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində, eləcə də kino sahəsində olmalıdır. Dəyişən dünyanın insanlarını birləşdirən yeni dünya sayılan virtual aləmin, sosial şəbəkələrin hegemon olduğu dövrdə kino sənayesini köhnə qaydalarla idarə etmək müsbət nəticələr vəd etmir. Bu baxımdan son vaxtlar kino sahəsində atılan addımları, görülən işləri nəzərə alsaq, sabaha ümidlə baxa bilərik, milli kinomuzun uğurlarının olacağına ümid bəsləyərik. Kino sahəsinə diqqətin ilkin əlaməti kimi idarəetmə mexanizminin hazırlanmasını önəmli addım saymaq olar. Yeni düşüncə tərzində, müasir yanaşma ilə formalaşan kino konsepsiyası bunu deməyə əsas verir. Kino Agentliyinin yaranması, fəaliyyətə başlaması bu konsepsiyanın ilkin addımlarıdır. Müasir dövrdə sənət sahəsində uğur qazanmaq, onu dünyaya çıxarmaq, eyni zamanda, təbliğat və reklam işlərinin aparılması ilə bağlıdır. Yəni təkcə kino çəkmək əsas deyil. Əsas olan bunu dövrün tələbinə uyğun həyata keçirməkdir. Film ssenaridən başlasa da, çəkiliş prosesinə qədər müəyyən hazırlıqlar aparılsa da, iş bununla bitmir. İndi “artıq ssenarin varsa, çəkməyə başlamaq olar” düşüncəsi arxaikləşib. Müasir film dünyası yeni şərtlər irəli sürür”, - deyə S.Sahil qeyd edib.
Gənc ssenarist vurğulayıb ki, yeni hazırlanan kino konsepsiyası bu tələblərə cavab verməklə yanaşı, müasir düşüncə və yanaşmanı da özündə birləşdirir. Yeni kino strategiyası ssenarinin təqdimatından başlayaraq, filmin təbliğatına qədər bir çox prosesləri özündə birləşdirir. Kino sahəsində ciddi nəticələrə nail olmaq üçün istedad və peşəkarlıqla yanaşı, düzgün təşkilatçılıq da tələb olunur. Mədəniyyət Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən islahatların məramı şəffaf mexanizmlərin yaradılması, yaradıcı layihələrin dəstəklənməsi və ölkədə sağlam və şəffaf mühitin yaradılmasıdır.
Müsahibimiz söyləyib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin yaradılması, eləcə də bu sahənin hazırkı vəziyyəti və inkişaf istiqamətlərinin öyrənilməsi, şəffaf və kollegial idarəçilik sxeminin formalaşdırılması milli kinematoqrafiyaya əsaslı yanaşmanın göstəricisidir. Yeni şəraitdə nazirlik filmlərin istehsalında stimullaşdırıcı rol oynamaqla yanaşı, prodüser şirkətlərinin bu proseslərə daha fəal şəkildə qoşulmasına nail olmaq niyyətindədir: “Yeni yaradılan Kino Agentliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq üçün əsaslı addımlar atmağa başlayıb. Ötən ay film layihələri müsabiqəsi elan olunması bunu deməyə əsas verir. Film layihələri üçün dövlət tərəfindən ayrılmış vəsaitin bölüşdürülməsi müsabiqə yolu ilə təmin olunacaq. Müsabiqə ilə əlaqədar bədii şura yaradılıb, meyarlar və işçi mexanizmlər öncədən müəyyən olunub. Eyni zamanda, dörd yeni təsisat - animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlərin aparılmasına başlanılıb. Dövlətin film sənayesinə dəstəyi ilə yanaşı, özəl kino sektorunun da inkişafı kino strategiyasının prioritetləri sırasındadır. Müsabiqədə özəl sektora dəstək vermək, kinematoqrafiya sahəsində fəaliyyəti stimullaşdırmaq və yerli kinematoqrafçıların təcrübəsini artırmaq nəzərə alınıb”.
Gənc ssenarist əlavə edib ki, müsabiqənin istiqamət sahələrinin dövlət sifarişi, kommersiya filmləri, müəllif filmləri, debüt filmləri və tələbə filmləri istiqamətləri olması Mədəniyyət Nazirliyinin yeni rəhbərliyinin kino sahəsinə peşəkar yanaşmasından xəbər verir. Digər tərəfdən iki ayrı-ayrı Kino İttifaqlarının birləşməsi təşəbbüsü təqdirəlayiq adımdır: “İnanıram, bu addım Azərbaycan kinosunun inkişafına xidmət edəcək. Bu gün 125 illiyini qeyd edən Azərbaycan kinosunun artıq yeni mərhələyə qədəm qoyduğunu demək olar”.