Sezai Sezen: Azərbaycanın TDT-də hərəkətverici qüvvə olması bizi xüsusilə sevindirir
Bakı, 19 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC
Qardaş ölkə olan Azərbaycan bizim üçün çox dəyərlidir. Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyinin, şübhəsiz ki, motivasiyaedici təsiri var. Buna görə də Azərbaycanın təşkilatda hərəkətverici qüvvə olması bizi xüsusilə sevindirir.
Bunu AZƏRTAC-a müsahibəsində Şimali Kipr Türk Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidenti Sezai Sezen deyib.
O, Bakıda TDT-yə üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası çərçivəsində Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsinin imzalanmasının əhəmiyyətinə toxunaraq deyib: "Bu gün imzalanan Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsi bir çox istiqamətlərdə - kadr hazırlığı, qan donorluğu, bacarıqların təkmilləşdirilməsi baxımından ciddi inkişafa səbəb olacaq. TDT-yə üzv olan dövlətlərin Qızıl Aypara cəmiyyətləri əməkdaşlıq vasitəsilə potensiallarını artırmaq, əməkdaşlığı inkişaf etdirmək və humanitar müdafiəni möhkəmləndirmək üçün birlikdə çalışaraq özlərini də gücləndirəcək, bir-birini hər sahədə dəstəkləyəcək. Bakıda olduğum üçün son dərəcə xoşbəxtəm. Türk Qırmızı Şəbəkəsi ailəsinin bir hissəsi olmaq və insani dəyərləri vurğulayan fəaliyyət və imzalanan Bəyannamə həqiqətən əvəzsizdir. Şimali Kipr Türk Respublikası olaraq, biz də bu səylərdə iştirak edirik. Bundan sonra da görülən işlərə böyük töhfələr verərək insanlıq üçün çalışmağa davam edəcəyik".