Sindi Makkeyn: Dünyanın təhlükəsizliyini möhkəmləndirməyin və innovasiyalara yatırım etməyin zamanıdır
Bakı, 18 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının BMT-nin ərzaq və kənd təsərrüfatı agentlikləri yanında daimi nümayəndəsi Sindi Makkeyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumunun “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun transformasiyası” mövzusunda panel iclasında videoformatda çıxış edib.
AZƏRTAC xəbər verir ki, müzakirələrə qoşulmasından məmnun olduğunu bildirən Sindi Makkeyn deyib: “Dünya 70 il ərzində ən dəhşətli ərzaq böhranı ilə üz-üzədir. Mən daha əvvəl heç vaxt bunun şahidi olmamışam. Uzun illər ərzində bu böhran üçün münasib zəmin yaradılıb. COVID, iqlim dəyişikliyi və davam edən münaqişələr bu böhranı sürətləndirən amillərdəndir. Son bir neçə il ərzində biz pandemiya nəticəsində ehtiyatların paylanmasında pozuntularla qarşılaşdıq. Şiddətli quraqlıqlar, daşqınlar və istilər Afrikadan tutmuş Cənubi Asiyayadək məhsulları məhv etdi, mal-qaranı qırdı və insanların həyatını çətinləşdirdi”.
Yəməndən Efiopiyaya qədər və ondan da uzağa gedib çıxan münaqişələrin aclıq və xaos yaratdığını bildirən daimi nümayəndə qeyd edib ki, bizim ərzaq sistemlərimiz onsuz da zəif idi. Ukraynadakı müharibə isə ərzaq böhranı, gübrə qıtlığı yaratdı, insanları öz ərzaq ehtiyatlarını azaltmağa məcbur etdi. Biz indi qəti addım atmalıyıq, özü də təkcə insanların humanitar ehtiyaclarını qarşılamağa yox, daha geniş təhlükələri də nəzərə almalıyıq. Bu işə qlobal ərzaq sistemindən başlamalıyıq. Zamanın sınağından keçən, əlbəttə ki, qarşılaşacağımız çətinliklərə davam gətirə biləcək daha güclü həll yolları tapmalıyıq. Dünyanın təhlükəsizliyini möhkəmləndirməyin və innovasiyalara yatırım etməyin artıq zamanıdır. Artıq vaxt çatıb ki, iqlimə davamlı kənd təsərrüfatı və suvarma sistemlərini tətbiq edək. Artıq vaxt çatıb ki, özəl sektordakı mütəxəssislərə, resurslara da diqqət yetirək, onlarla birgə çalışaq.
S.Makkeyn sonda bildirib ki, indi bir araya gələrək ərzaq təhlükəsizliyinin gələcəyini düşünmək vaxtıdır.