COP29
Siqurt Seindal Krabbe: BMT sıfır emissiyaya nail olmaq üçün gənclərin təşəbbüslərini dəstəkləyir
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycanın qlobal xarakter daşıyan problemlərlə bağlı çağırışlar etməsi və iqlim dəyişikliyinə diqqət ayırması onun inkişafının göstəricisidir. İqlim dəyişikliyi bütün dövlətləri narahat etməli, bunun qarşısını almaq üçün addımlar atılmalıdır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı COP29 tədbirində iştirak edən BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin nümayəndəsi Siqurt Seindal Krabbe deyib.
O bildirib ki, sıfır emissiyaya nail olmaq olduqca çətin bir məsələdir.
“Lakin bu iş uğrunda çalışmaq və məqsədə çatmaq üçün səyləri artırmaq lazımdır. İqlim dəyişikliyi cəmiyyətin bütün təbəqələrinə təsir göstərir. Azərbaycan gəncləri də bu istiqamətdə fəaldırlar. Onların təşəbbüsləri BMT tərəfindən dəstəklənəcək ki, müxtəlif maarifləndirmə, elmi və digər tədbirlər keçirə bilsinlər. İqlim dəyişikliyi qlobal mahiyyətə malik olan problem olduğu üçün BMT bu məsələyə çox ciddi yanaşır. Müxtəlif layihələri maliyyələşdirir ki, gələcək nəsillər təmiz hava və karbonsuz həyatda yaşasınlar”, - deyə Siqurt Seindal Krabbe vurğulayıb.