Siyasi şərhçi: “Türk Dünyası Həftəsi” ortaq türk kimliyinin möhkəmlənməsinə yeni təkan verəcək
Bakı, 1 iyul, AZƏRTAC
1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay Türk dünyasının elmi, mədəni və mənəvi birliyinin möhkəmləndirilməsi baxımından tarixi hadisədir. Türk xalqlarının ortaq dil, tarix, ədəbiyyat, etnoqrafiya və mədəni irsinin qorunması, elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də vahid ümumtürk əlifbasına keçid kimi strateji məsələlərin müzakirə olunduğu bu beynəlxalq tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın həmin dövrdə Türk dünyasının intellektual və mədəni mərkəzlərindən biri kimi qəbul edilməsinin göstəricisi idi.
Sovet totalitar rejimi sonradan Qurultayın ideyalarının həyata keçirilməsinə mane olsa da, iştirakçıların əksəriyyətini repressiyalara məruz qoysa da, orada qəbul edilən qərarlar türk xalqlarının milli-mədəni yaddaşında yaşayaraq müstəqillik dövründə yenidən aktuallıq qazanıb. Prezident İlham Əliyevin “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində də vurğulandığı kimi, bu gün Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkanın formalaşdırılması istiqamətində həyata keçirdiyi layihələrin ideya əsasları məhz Birinci Türkoloji Qurultayın irəli sürdüyü mütərəqqi prinsiplərə söykənir.

Mövzu ilə əlaqədar AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib ki, I Türkoloji Qurultayın 100 illiyinin məhz Azərbaycanda qeyd olunması təşəbbüsü yalnız tarixi hadisənin yubileyinin keçirilməsi deyil, eyni zamanda, Türk dünyasının gələcək inkişaf strategiyasına yönəlmiş mühüm siyasi və humanitar mesajdır.
Onun sözlərinə görə, bu təşəbbüs Azərbaycanın türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi, ortaq tarixi yaddaşın qorunması və mədəni həmrəyliyin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyini bir daha nümayiş etdirir.
"Prezident İlham Əliyevin bu təşəbbüsü irəli sürməsi Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində irəli sürdüyü ideyaların təkcə siyasi və iqtisadi əməkdaşlığı deyil, eyni zamanda, ortaq kimlik və vahid humanitar məkanın formalaşdırılmasını da əhatə etdiyini göstərir. I Türkoloji Qurultay XX əsrin əvvəllərində türk xalqlarının ortaq elmi düşüncəsinin formalaşmasına mühüm təkan verib, dil, əlifba, tarix və mədəni irsin qorunması istiqamətində vahid baxışın yaranmasına zəmin hazırlayıb. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən humanitar layihələr, ortaq tarix və mədəniyyət proqramları, elm və təhsil sahəsində əməkdaşlıq həmin ideyaların müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildiyini göstərir. Bu baxımdan, Qurultayın 100 illiyinin qeyd olunması ortaq türk kimliyinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynaya bilər", – deyə o qeyd edib.
Siyasi şərhçinin fikrincə, qloballaşma şəraitində milli-mədəni dəyərlərin qorunması, ortaq tarixi yaddaşın gələcək nəsillərə çatdırılması və türk xalqları arasında qarşılıqlı etimadın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. "Humanitar əməkdaşlığın genişlənməsi, ortaq elmi tədqiqatların, akademik mübadilə proqramlarının və birgə mədəni layihələrin artırılması türk dövlətləri arasında inteqrasiyanın institusional əsaslarını daha da möhkəmləndirə bilər. Qurultayın əsas ideyalarından biri olan vahid ümumtürk əlifbası məsələsi də bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində bu istiqamətdə əldə olunan razılaşmalar və ekspert əməkdaşlığı göstərir ki, ortaq əlifba təkcə texniki və linqvistik məsələ deyil, həm də informasiya, təhsil, rəqəmsal kommunikasiya və mədəni inteqrasiyanın genişlənməsinə xidmət edən mühüm strateji vasitədir. Ortaq əlifba türk xalqları arasında elmi biliklərin, ədəbi irsin və informasiya resurslarının daha rahat mübadiləsinə, eyni zamanda, ortaq informasiya məkanının formalaşmasına əlavə imkanlar yarada bilər", – deyə Ü.Zülfiqar bildirib.
Müxbir - Səbinə Əlizadə