SOCAR ilə Sumqayıt Dövlət Universiteti əməkdaşlıq edəcək
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Sumqayıt Dövlət Universitetinin (SDU) nümayəndələri arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, eyni zamanda, cari ilin aprel ayında SDU və “SOCAR Downstream Management” MMC arasında imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan məsələlərin icrasına dair müzakirələr aparılıb.
Daha sonra SOCAR-ın törəmə müəssisələri olan “Petkim” neft-kimya kompleksində və STAR neft emalı zavodunda, habelə Heydər Əliyev adına Neft Emalı Zavodunda “Yay təcrübə proqramı”na seçilən tələbələrə təbrik məktubları təqdim edilib.
Görüşdə, həmçinin istehsalat və tədris müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonda SDU-nun tədris poliqonunda təhsil müddətində əldə olunan nəzəri biliklərlə yanaşı, sənayedə tətbiq edilən avadanlıqlarla praktiki tanışlıq məqsədilə “SOCAR Downstream Management” MMC tərəfindən hədiyyə edilən avadanlıqlara baxış keçirilib.