Sosial şəbəkələrdə vətəndaşları “kreditə pul verilir” adı altında talayan dəstə üzvləri saxlanılıblar VİDEO
Bakı, 2 avqust, AZƏRTAC
Sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları əməliyyat-axtarış tədbirləri davam etdirir. Aldatma yolu ilə vətəndaşların bu sahədə məruz qaldığı əsas mənfi hallar sırasında “kreditə pul verilir”, “onlayn qazanc”, “az xərclə çox qazan” və digər başlıqlar altında şirnikləndirici vədlər artmaqdadır.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bunu nəzərə alaraq növbəti belə talama əməllərində şübhəli bilinən şəxslər rəqəmsal texnoloji metodlarla müəyyən olunaraq DİN əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyənləşdirilməklə şəbəkələşmiş qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Qrup üzvləri “Komissiya”, “bank xərcləri” adı ilə aldatdıqları vətəndaşlardan onlayn köçürmə formasında müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçiriblər. Onlar izi itirmək məqsədi ilə pul köçürən şəxslərin hesablarını bloklayıb və həmin vəsaiti şəxsi hesablara köçürərək nağdlaşdırıblar.
Əməliyyatçılar tərəfindən Bakı şəhərində yerləri müəyyənləşdirilən şəbəkə üzvləri - paytaxt sakini əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Kənan Əmrahlı, 2003-cü il təvəllüdlü Raqif Məmmədov, 1994-cü il təvəllüdlü Zahir Xalidoğlu və 1995-ci il təvəllüdlü Emin İsmayılov saxlanılıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə onlarla şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər. Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. Dəstə üzvlərinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, 102 - Xidməti Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.