Sumqayıt Dövlət Universitetində “Xocalı yol gözləyir” ədəbi-bədii kompozisiyası nümayiş olunub
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Fevralın 26-da Sumqayıt Dövlət Universitetində (SDU) Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş “Xocalı yol gözləyir” adlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının və Vətən uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri universitetin rektoru, professor Elxan Hüseynov açaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətindən danışıb. Bildirib ki, erməni millətçi-şovinistləri tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə dəfələrlə xalqımız ağır faciə və məşəqqətlərə məruz qalıb. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri də Xocalı soyqırımıdır.
“Misli görünməmiş vəhşiliklə həyata keçirilən, qəddarlığına və amansızlığına görə XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 27 il keçir”, - deyən rektor vurğulayıb ki, 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalıya hücuma keçib, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq şəhərə zirehli texnika yeridib, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutulub. Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, torpaqlarımızın 20 faizini işğal ediblər.
Rektor bu faciəyə obyektiv qiymət verilməsi istiqamətində ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətindən də danışıb.
Tədbirdə Xocalı soyqırımının şahidi İradə Cəfərova acı xatirələrini bölüşərək deyib: “İnanıram ki, tezliklə Xocalımıza qayıdacağıq. Qüdrətli dövlətimizin, müzəffər Ordumuzun sayəsində o gün uzaqda deyil”.
Sonra muğam müsabiqəsinin laureatı Şəbnəm Faiq qızının ifasında “Qalmaz belə, qalmaz dünya” mahnısı səsləndirilib.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş “Xocalı yol gözləyir” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.