Sumqayıtda “Lazımsız tullantıların istehsal mərkəzi”layihəsinin təqdimatı olmuşdur
Sumqayıt, 12 iyul (AZƏRTAC, Ətrabə Rzayeva). Sumqayıt Şəhər İcra Hakimiyyətinin konfrans zalında İtaliyanın “Oxsyzo” şirkəti tərəfindən hazırlanan “Lazımsız tullantıların istehsal mərkəzi” layihəsinin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev ekoloji problemlərin XXI əsrin, qloballaşan dünyanın ən böyük bəlasına çevrildiyini bildirmişdir.
Mərasimdə ətraf mühitin mühafizəsinin və ekoloji problemlərin həllinin davamlı inkişaf üçün vacib amillərdən biri olduğu vurğulanaraq qeyd edilmişdir ki, son illərdə respublikamızda bu istiqamətdə xeyli işlər görülmüşdür. Ən başlıcası Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi istiqamətində hüquqi baza yaradılmışdır.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”da nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi məhz bunun bariz nümunəsidir.
Bildirilmişdir ki, tullantıların çox olması poliqonların dolmasına, yandırılan tullantıların miqdarının artmasına gətirib çıxarır. Bu da öz növbəsində atmosferə ziyan vurur. Məhz müasir tipli poliqonların tikilməsi ətraf mühitin qorunması, onlara təhlükəli təsirlərin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, tullantıların təkrar xammal kimi istifadəsi sahəsində böyük əhəmiyyət kəsb edir.
Layihənin rəhbəri Marko Şarra bildirmişdir ki, “Lazımsız tullantıların istehsal mərkəzi” layihəsinin reallaşdırılmasının əsas məqsədi tullantıların azaldılması rolunun izah edilməsi və buna nail olmaq imkanlarını göstərməkdir. Bu məqsədlə yaradılması nəzərdə tutulan poliqonun ərazisi 110 hektar olacaq, burada il ərzində 24 min ton tullantı zərərsizləşdiriləcəkdir.
Marko Şarra demişdir ki, layihənin texnoloji ardıcıllığına görə əvvəlcə şəhər ərazisindən toplanılan məişət tullantıları poliqona gətirilir. Poliqonun birinci bunkerində zibillər çeşidlənərək ayrılır. Sonda qalan lazımsız tullantılar basdırılma kamerasına ötürülür, faydalı tullantılar isə tədarük məntəqələrinə göndərilmək üçün toplanılır.
Vurğulanmışdır ki, layihədə emal tullantılarının çeşidlənməsi və basdırılması nəzərdə tutulmuşdur. Poliqon 20 il müddətində xidmət göstərəcək və bu müddət başa çatdıqdan sonra ərazidə yaşıl park salınacaqdır.