“Sumqayıt”ın yeni transferi: Hədəfimiz avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaqdır
Bakı, 20 iyul, AZƏRTAC
Komandamızın hədəfə çatması üçün əlimdən gələn hər şeyi edəcəyəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni transferi estoniyalı hücumçu Erik Sorqa klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Estoniyalı futbolçu bildirib ki, komandaya qoşulduqdan sonra fiziki məşqçi ilə iki gün fərdi, daha sonra isə komanda ilə birlikdə məşqə çıxdım və tədricən isti havaya alışdım. İndi isə Türkiyədəyik, burda hər şey qaydasındadır. Özümü əla hiss edirəm. Kollektivdə əla atmosfer var. Maraqlı və intensiv məşqlər keçirik. Komanda yoldaşlarım da məni yaxşı qəbul etdilər. Həm rus, həm də ingiliscə danışdığım üçün heç kimlə ünsiyyət problemim yoxdur. Bütün məsələlərdə bir-birimizə kömək edirik. Deyə bilərəm ki, adaptasiya problemim yoxdur.
“Sumqayıt”a keçməzdən əvvəl Azərbaycanda oynamış dostum Sergey Zenyovla danışdım, mənə ölkəniz və çempionat haqqında məlumat verdi. Estoniyadakı kimi burda da 10 komandanın yarışdığını və liqanın 4 dövrədən ibarət olduğunu bilirdim. Hardasa çempionatlarımız arasında oxşarlıqlar var. Azarkeşlərimizə demək istəyirəm ki, komanda olaraq hədəfimiz avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaqdır. Baş məşqçimizlə bu barədə tez-tez danışırıq. Məqsədimizə çatmaq üçün mən də əlimdən gələn hər şeyi edəcəm. Həm vurduğum qollar, həm də komanda yoldaşlarıma edəcəyim qol ötürmələri ilə çalışacam ki, fanatlarımızı sevindirim”, - deyə futbolçu əlavə edib.