Sunniya Durrani-Camal: Düzgün planlaşdırma və risk məlumatları infrastruktur investisiyalarında həlledicidir
Bakı, 20 may, AZƏRTAC
Planlaşdırma və layihələndirmə baxımından məlumatlar, xüsusilə torpaq istifadəsinin düzgün təşkili olduqca vacibdir. Məsələn, su təmizləyici və ya kanalizasiya qurğularının düzgün ərazidə yerləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu zaman təbii fəlakət riskləri də mütləq nəzərə alınmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin (CWRD) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal WUF13 çərçivəsində təşkil olunan “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – Şəhərləri daha yaxşı məlumatlarla gücləndirmək: siyasət və qərarqəbuletmə üçün əlçatan və tətbiq edilə bilən məlumatlar” adlı sessiyada səsləndirib.
Onun sözlərinə görə, investisiya yanlış ərazidə yerləşdirildiyi halda həmin vəsait faktiki olaraq boşa gedir.
“Bəzən şəhərsalma üçün ən uyğun ərazini deyil, ən ucuz ərazini seçirlər. Halbuki uzunmüddətli infrastruktur investisiyaları baxımından düzgün yer seçimi son dərəcə vacibdir”, – deyə o vurğulayıb.
Sunniya Durrani-Camal qeyd edib ki, digər mühüm məsələlərdən biri təbii fəlakətlərdən əvvəl məlumatların mövcudluğudur. O bildirib ki, Asiya İnkişaf Bankının baş ofisinin yerləşdiyi Filippin tez-tez tayfunlar, zəlzələlər və vulkanik fəallıqla üzləşir.
“İnsanların hansı ərazilərdə daha həssas olduğunu müəyyən etmək, tayfunlarla bağlı əvvəlcədən məlumat əldə etmək və bu məqsədlə coğrafi və Yer müşahidəsi məlumatlarından istifadə hökumətlərə erkən xəbərdarlıq etməyə, insanları vaxtında təxliyə etməyə və insan həyatını qorumağa kömək edir”, – deyə o əlavə edib.
O vurğulayıb ki, məlumatların rolu yalnız infrastrukturla məhdudlaşmır. Xüsusilə şəhər idarəçiliyi baxımından məlumatlardan maliyyələşdirmə və sığorta sahəsində də istifadə etmək mümkündür.