Sunniya Durrani-Camal: Məlumatların idarə olunması şəhər planlaşdırması üçün vacibdir
Bakı, 20 may, AZƏRTAC
Asiya İnkişaf Bankı təxminən 68 ölkədə fəaliyyət göstərir və bir çox ölkələr məlumat toplamaq imkanları baxımından ciddi çətinliklərlə üzləşirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin (CWRD) Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal WUF13 çərçivəsində təşkil olunan “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – Şəhərləri daha yaxşı məlumatlarla gücləndirmək: siyasət və qərarqəbuletmə üçün əlçatan və tətbiq ediləbilən məlumatlar” adlı sessiyada səsləndirib.
O bildirib ki, münaqişə və təbii fəlakətlərlə üzləşən bəzi ölkələrdə məlumat toplamaq infrastrukturu zəifdir. Eyni zamanda, iqlim dəyişikliyinin təsirlərinə məruz qalan və əhali sıxlığı yüksək olan şəhərlərdə məlumatların düzgün idarə olunması xüsusi əhəmiyyət daşıyır.
Sunniya Durrani-Camal qeyd edib ki, hətta məlumat bazalarına malik ölkələrdə belə məlumatlar müxtəlif qurumlar arasında dağınıq vəziyyətdə qalır və bir çox hallarda tam rəqəmsallaşdırılmayıb. Bundan əlavə, texnologiyaların sürətli inkişafı məlumatların inteqrasiyası və uyğunlaşdırılması ilə bağlı çətinliklər yaradır.
O vurğulayıb ki, məlumatlar infrastruktur planlaşdırılması baxımından mühüm rol oynayır. Torpaq istifadəsinin planlaşdırılması, şəhər xəritələşdirilməsi və xüsusilə qeyri-formal yaşayış məntəqələrinin müəyyənləşdirilməsi üçün Yer müşahidəsi məlumatlarından, o cümlədən Avropa Kosmik Agentliyi tərəfindən təqdim olunan məlumatlardan istifadə olunur.