İQTİSADİYYAT
Suqovuşan qəsəbəsinin elektrik enerjisi ilə təchizatı işləri sürətləndirilib VİDEO
Bakı, 22 aprel, AZƏRTAC
“Azərişıq” ASC işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir.
Qurumdan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, ASC “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri sürətləndirib.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri davam etdirilir.
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq iki dövrəli xətt izolyasiyalı kabellə çəkilir. Belə xətlərdə itkilər minimuma enir, əlverişsiz hava şəraitinə daha dözümlüdür, buzlaşmaya qarşı daha dayanıqlıdır, həmçinin belə xətlərin keçdiyi ərazilərdə mühafizə zolağı daha az olur, xətlərə texniki xidmət xərci minimuma enir.
Suqovuşan qəsəbəsinin daxili şəbəkəsində isə 0,4 kV hava xətləri bərpa edilib, yeni SİP kabellər çəkilib. Qısa müddət ərzində qəsəbəyə elektrik enerjisinin verilişi bərpa ediləcək. Bunun üçün lazım olan bütün mal-material əraziyə göndərilib.