Svetlana Orlova: Dövlət satınalmalarının auditində rəqəmsallaşma və beynəlxalq əməkdaşlıq əsas prioritetlərdəndir
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət satınalmalarının auditində qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, metodoloji bazanın gücləndirilməsi, rəqəmsallaşma və süni intellekt imkanlarından istifadə bu sahədə səmərəliliyin artırılması üçün əsas istiqamətlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupuna sədrlik edən Rusiyanın Hesablama Palatasının auditoru Svetlana Orlova Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.
O bildirib ki, İşçi Qrupunun fəaliyyəti çərçivəsində BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, Avropa İttifaqı və digər beynəlxalq qurumların yanaşmalarını, eləcə də müxtəlif ölkələrin uğurlu milli təcrübələrini özündə birləşdirən vahid rəqəmsal bilik bazası formalaşdırılıb və bu baza mütəmadi olaraq yenilənir.
S.Orlova vurğulayıb ki, hazırda dövlət satınalmalarının auditi üzrə praktiki vəsait hazırlanır. Bununla yanaşı, dövlət satınalmalarının rəqəmsal sistemlərinin auditi və “yaşıl satınalmalar”ın auditi üzrə metodik tövsiyələrin hazırlanması istiqamətində də işlər davam etdirilir. Onun sözlərinə görə, ekoloji davamlılıq gündəliyi beynəlxalq səviyyədə aktuallığını qoruyur və audit proseslərində bu məsələlərin nəzərə alınması vacibdir.
Auditor qeyd edib ki, İşçi Qrupunun əsas prioritetlərindən biri də ölkələr arasında təcrübə mübadiləsinin institusional əsaslarla genişləndirilməsidir. Bu məqsədlə mütəmadi iclasların keçirilməsi, tədris videokurslarının hazırlanması, uğurlu audit təcrübələrinin toplanması və INTOSAI-nin regional strukturları ilə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Çıxışında rəqəmsallaşma məsələlərinə xüsusi diqqət ayıran Svetlana Orlova bildirib ki, Rusiya Hesablama Palatasında audit prosesləri rəqəmsal platformaya keçirilib və süni intellekt texnologiyalarından geniş istifadə olunur. Bununla yanaşı, o vurğulayıb ki, texnoloji inkişaf nə qədər sürətlə getsə də, auditorun peşəkar qiymətləndirməsi və insan amili hər zaman həlledici əhəmiyyət daşıyacaq.
Sədr əlavə edib ki, dövlət satınalmalarının auditində qiymətlərin formalaşmasının əsaslandırılması, satın alınan məhsulların mənşəyinin araşdırılması və yerli istehsal imkanlarının qiymətləndirilməsi də auditin əsas istiqamətləri sırasında yer alır.