RƏSMİ XRONİKA
TARİX-DİYARŞÜNASLIQ MUZEYİ EKSPONATLARININ ZƏNGİNLİYİ İLƏ SEÇİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 24-də Yevlax şəhərində Tarix-diyarşünaslıq muzeyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirdilər.
Dövlətimizin başçısı muzeyin açılışını bildirən lenti kəsdi, əvvəlcə “Yevlax şəhəri 2004-2007-ci illərdə” fotoguşəsi ilə tanış oldu. Muzeydə 5 min eksponat toplanmışdır. Bizim eradan əvvəl birinci minilliyə aid arxeoloji tapıntılar, rayonun flora və faunasına, xalq sənəti nümunələri, məişət əşyaları, Bakı-Tbilisi-Ceyhan neft-boru
kəmərinin marşrutu üzrə aparılan arxeoloji qazıntı işləri zamanı tapılmış materiallar, müxtəlif dövrlərə aid saxsı qablar, silahlar diqqəti cəlb edir.
Ekspozisiyada Yevlax rayonunun tarixinə, görkəmli şəxsiyyətlərinə, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Yevlaxa səfərlərinə aid materiallar da nümayiş etdirilir.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ekspozisiya ilə tanış oldular.