Tarix Muzeyinə Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin şəxsi əşyaları təhvil verilib
Bakı, 8 fevral, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi Rövşən Nurzadənin materialları təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhidin şəxsi əşyaları muzeyin əməkdaşları - İnarə İsmayılova və Nərmin Bağırovanın vasitəsilə muzeyə daxil olub.
Vətən müharibəsi şəhidi Rövşən Nurzadə 1975-ci il martın 24-də Bakı şəhərində anadan olub. Atası, Milli Dram Teatrının sənətçisi, Xalq artisti Əli Nurdur. Azərbaycan Ordusunun baş leytenantı Rövşən Nurzadə Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Rövşən Nurzadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.