Tbilisidə konfrans: “Qarabağ müharibəsindən 2 il sonra: Sülh axtarışı”
Tbilisi, 20 dekabr, AZƏRTAC
Bu gün Tbilisidə “Qarabağ müharibəsindən 2 il sonra: Sülh axtarışı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın Rondeli Fondu tərəfindən təşkil olunan tədbirdə Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistandan ekspertlər, beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycanı bu tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
F.Şəfiyev tədbirdə çıxış edərək Qarabağ münaqişəsinin tarixi, səbəbləri, ermənilərin xarici havadarlarının dəstəyi ilə törətdiyi cinayətlər barədə ətraflı məlumat verib.
Bildirib ki, Ermənistan 30 ilə yaxın dövr ərzində işğal etdiyi ərazilərdə müxtəlif cinayətlər, terror hadisələri törədib.
Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, təcavüzkar ölkə öz çirkin niyyətlərindən əl çəkməyib. Sonda Azərbaycan 2020-ci ildə öz gücünə torpaqlarını işğaldan azad edib. Ötən iki il dövründə Azərbaycan işğaldan azad etdiyi ərazilərdə çox mühüm quruculuq işləri həyata keçirir. Laçın dəhlizi, Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutları üzrə fəal iş aparır. Regionda davamlı sülhə nail olmaq üçün səy göstərir. Lakin, Ermənistan rəhbərliyi yenə də öz çirkin əməllərindən əl çəkməyərək, sülh sazişini imzalamaq istəmir.
Rondeli Fondunun prezidenti Ekaterine Metreveli, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Siyasi Elmlər, Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Araşdırmaları üzrə ekspert, Gürcüstanın sabiq təhsil naziri Giorgi Nodia, beynəlxalq məsələlər üzrə ekspertlər məsələ ilə bağlı çıxış edib, fikirlərini bölüşüblər.
F.Şəfiyev jurnalistlərə açıqlamasında deyib ki, regionda davamlı sülhə nail olmaq üçün bu cür müzakirələr olduqca vacibdir.
BMTM sədri bildirib ki, Azərbaycan regionda sülhü bərqərar etmək və sabitlik yaratmaq üçün mühüm işlər görür. Lakin Ermənistan və bəzi geosiyasi aktorlar tərəfindən maneələr var. Bu cür görüşlər zamanı Azərbaycanın ədalətli mövqeyi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır, mövcud maneələrin aradan qaldırılması və sülhə nail olmaq üçün yollar axtarılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi