TƏBİƏT DƏ İNSAN MƏHƏBBƏTİ, İNSAN İSTƏYİ QARŞISINDA ACİZDİR
AZƏRTAC-ın müxbiri Azərbaycanın şöhrətli oğlunun məzarının üstünə yenicə gül dəstəsi qoyub, mərhumun ruhuna dua oxuyan şuşalılardan ürək sözlərini deməyi xahiş etmişdir.
ELXAN ƏLƏKBƏROV: “Qüdrətli dövlət xadiminin işıqlı xatirəsi şuşalıların qəlbində əbədi yaşayacaqdır. Məhz onun qayğısı sayəsində Şuşa XX əsrin 70-ci illərində Ümumittifaq kurort şəhərinə çevrilmişdi. Onun səyi ilə Şuşa tarixi memarlıq qoruğu elan edilmişdi. Dahi rəhbərin Şuşa barədə planları geniş idi. Təəssüf ki, hakimiyyətə ikinci dəfə qayıdışından əvvəl dağlar şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Onun qayğı ilə yanaşdığı Şuşanın tarixi hissəsi, o cümlədən açılışı özünün iştirakı ilə olmuş M.P.Vaqifin məqbərəsi erməni vandalları tərəfindən dağıdılmışdır.
Ali Baş Komandanımız möhtərəm İlham Əliyev müdrik atasının yoluna sadiq qalacağını vəd etmişdir. Şuşalılar Prezidentimizi əmin edirlər ki, istənilən vaxt onun əmri ilə silaha sarılmağa hazırdırlar. Böyük Azərbaycanlının ruhu rahatlıq tapıb şad olsun deyə, Şuşanı, bütün Qarabağ torpağını erməni faşistlərdən azad etməliyik. Bundan ötrü sıx birləşməli, Azərbaycanımızın qüdrətlənməsinə nail olmalıyıq”.
VƏZİR SƏFİXANOV: “Çox böyük vətənpərvəri, sonsuz milli qeyrəti olan bir vətəndaşı itirmişik. Qüdrətli dövlət xadimi Heydər Əliyevin məqsədi Azərbaycanı qüdrətli, millətini qadir görmək idi. Yadınızdadırsa, vaxtilə respublikamızın rayonlarında orta məktəbi bitirmiş gənclərin əksəriyyəti rus dilini zəif bilirdi. Yerlərdə fəaliyyət göstərən rus məktəblərində milli kadrlara böyük ehtiyac vardı. Belə bir vaxtda - ötən əsrin səksəninci illərinin əvvəllərində respublika rəhbərinin bilavasitə göstərişi ilə orta məktəbi Azərbaycan dilində bitirmiş gəncləri rus dilində ali təhsil almağa təşviq etdilər. Mən də həmin gənclərdən biri kimi ADU-nun tarix fakültəsinə qəbul olub rus dilində təhsil almağa başladım. Azərbaycanın böyük oğlu istəyirdi ki, bütün sahələrdə milli kadrlarımız olsun. Müstəqillik qazanandan sonra bunun nə qədər uzaqgörən siyasət olduğunu hamımız yəqin etdik. Ona görə də bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, orada bu əzəmətli şəxsiyyətin izini görürük. Onun əməlləri Azərbaycan durduqca yaşayacaqdır. Allah rəhmət eləsin”.
... Yağış ara vermir. Lakin o, müstəqil Azərbaycanın qurucusunun məzarını ziyarət etməyə gələnləri saxlamaq qüdrətində deyildir. Elxanın, Vəzirin, digər şuşalıların qoyduğu güllər tezliklə yüzlərcə tər qərənfil qalağı altında görünməz olur. Bu qərənfillər insanların böyük rəhbərə məhəbbətinin, istəyinin rəmzidir. Heç bir qüvvə bu məhəbbəti və istəyi sarsıda bilməz.