Təbii fəlakət bölgəsində ilk məktəb binasının tikintisinə hazırlıq görülür
Zaqatala, 2 iyun (AZƏRTAC). Ölkənin şimal-qərb bölgəsində mayın 7-də baş vermiş zəlzələ zamanı ən çox zərər görən yaşayış məntəqələrindən biri də Zaqatala rayonunun Gözparaq kəndi olmuşdur. Yeraltı təkanlar nəticəsində bu kənddə fərdi yaşayış evlərinin əksəriyyəti, sosial obyektlər, o cümlədən kənd məktəbinin binası tam qəzalı vəziyyətə düşmüşdür.
Prezident İlham Əliyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq məqsədi ilə mayın 9-da fəlakət bölgəsinə səfəri zamanı ilk olaraq bu kəndə gəlmiş, zərərçəkən sakinlərlə görüşmüş, qəzalı evlərin təcili surətdə sökülərək yenilərinin, o cümlədən müasir standartlara uyğun yeni məktəb binasının tikintisi ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq göstərişlərini vermişdir.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq 250 şagirdin təhsil aldığı, 56 pedaqoqun və texniki işçinin çalışdığı məktəb binası qısa müddətdə sökülmüşdür. Hazırda həmin ərazidə yeni məktəbin tikintisi üçün hazırlıq işləri görülür, binanın özülü qazılır. Yüksək standartlara uyğun inşa ediləcək 500 şagird yerlik üçmərtəbəli yeni məktəb binasında sinif otaqları ilə yanaşı, akt və idman zalları da fəaliyyət göstərəcək, həyət tam abadlaşdırılacaq, idman meydançası salınacaqdır.
Məktəb binasının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulur. Tikinti işlərini “Gilan-İnşaat” MMC-nin kollektivi həyata keçirir.
Hazırda bu kənddə qəzalı vəziyyətə düşmüş fərdi evlərin sökülməsi də davam etdirilir.
Kəndin ərazi icra nümayəndəliyindən bildirmişlər ki, indiyədək 200-ə yaxın ev sökülmüş, 100-dən çox evin sökülməsi isə davam etdirilir.