TEHRAN BƏLƏDİYYƏSİ ALMANİYA SƏFİRLİYİ QARŞISINDA XATİRƏ LÖVHƏSİ QOYACAQ
Bələdiyyənin mətbuat xidməti bildirmişdir ki, mərasimə həmin müharibədə kimyəvi silahdan həlak olanların qohumları, zərər çəkmiş adamlar və ölkə silahlı qüvvələrinin nümayəndələri də qatılacaqlar. “İraqla müharibədə İrana qarşı işlədilmiş kimyəvi silah yaradılmasında Səddam Hüseyn rejiminə kömək etmiş ölkələr siyahısında Almaniya da var və buna görə də Tehran bu dövlətin səfirliyi qarşısında belə bir xatirə lövhəsi qoymaq niyyətindədir”.
Mütəxəssislərin fikrincə, İranın bu tədbiri 1992-ci ildə Berlinin “Mikonus” restoranında həlak olmuş dörd iranlı kürdün xatirəsinə şəhərdə onların adları yazılan lövhə qoyulması barədə Berlin meriyasının qərarına cavab addımdır. Lövhədə yazılmışdır: “İranın hakim rejimi tərəfindən öldürülən bu şəxslər azadlıq və insan hüquqları uğrunda həlak olmuşlar”.
Rəsmi Tehran Berlin meriyasının qərarına kəskin mənfi münasibət göstərmişdir. Aprelin axırlarında Almaniyanın Tehrandakı səfiri Paul Fon-Maletson İran XİN-ə çağırılmış və ona ciddi etiraz bildirilmişdir.
Almaniyanın İrandakı səfirliyində “Novosti”nin müxbirinə demişlər: “Almaniya hökuməti Berlin hakimiyyət orqanlarının bu səhv addımından təəssüflənir. Berlin ümid edir ki, bu hadisə İran-Almaniya əməkdaşlığına ziyan vurmayacaqdır”.