QAN YADDAŞI
Tehranda 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı elmi konfrans keçirilmişdir
Tehran, 21 yanvar (AZƏRTAC). Azərbaycanın Tehrandakı səfirliyində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar “20 Yanvar: səbəb, məqsəd və nəticələr” mövzusunda elmi konfrans keçirilmişdir.
Konfransda İranın dövlət və hökumət nümayəndələri, Tehrandakı diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, ictimaiyyət təmsilçiləri, alimlər iştirak etmişlər.
Əvvəlcə şəhidlərimizin ruhuna dualar oxunmuş, faciədən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov mərasimdə çıxış edərək 20 Yanvar faciəsinin başvermə səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat vermişdir. Səfir bildirmişdir ki, bu cinayətin törədilməsində məqsəd Azərbaycan xalqının mübarizə əzmini qırmaq olmuşdur. Lakin hərbi təcavüzün ağır fəsadlarına baxmayaraq, Azərbaycan xalqı amansız düşmənə boyun əyməmiş, mübarizə əzmini daha da gücləndirmişdir.
Tehran Universitetinin professoru Bəhram Əmirəhmədian, İran və Asiya Araşdırmaları Mərkəzinin elmi işçisi İlyas Vahidi, sovet dövründə İranın Bakıda baş konsulu işləmiş, İran Xarici İşlər Nazirliyinin rəsmisi Əbülqasım Danişgahi 20 Yanvar faciəsi barədə fikirlərini bölüşmüşlər.
Tədbir iştirakçıları, həmçinin işğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən terror və hərbi təcavüz aktlarından bəhs edən, 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən kitab, jurnal, buklet və qəzetlərdən ibarət guşə ilə tanış olmuşlar. İştirakçılara faciə ilə bağlı Azərbaycan, ingilis və fars dillərində çap olunmuş materiallar, CD və DVD-lər paylanmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran