Tehranda avtomobil dayanacağı xəstəxanaya çevrilib
Tehran, 23 mart, AZƏRTAC
Tehranın Tibb Universitetinin avtomobil dayanacağı koronavirusa yoluxanlar üçün xəstəxanaya çevrilib.
AZƏRTAC xəbər verir ki, İranda koronavirusa yoluxanların sayının artması və xəstəxanaların pasiyent qəbul etməyə imkanlarının olmadığına görə avtomobil dayanacağı 300 yerlik xəstəxanaya çevrilib. Dayanacaq tibbi avadanlıq və cihazlarla təchiz edilərək ilk xəstələrini qəbul etməyə başlayıb.
İranın Fransadakı səfiri Bəhrəm Qasemi bildirib ki, Sərhədsiz Həkimlər Təşkilatının nümayəndələri tibbi avadanlıq və ləvazimatlarla birlikdə xüsusi təyyarə ilə Tehrana gəliblər.
İran mətbuatı isə martın 21-də “The New York Times” qəzetində çıxan məqaləyə istinadən xəbər verir ki, ABŞ administrasiyası koronavirusun yayılmasından istifadə edərək, İrana qarşı hərbi əməliyyat həyata keçirmək istəyib.
Qəzet Ağ Evdəki mənbəsinə istinadla yazır ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo Prezident Donald Trampa İrana qarşı hərbi əməliyyat keçirməyi təklif edib. O bildirib ki, İranda vəziyyət gərgindir. Rəsmi Tehran koronavirusun yaratdığı problemlə məşğuldur, ona görə də cavab verə bilməyəcək və ABŞ ilə danışıqlara başlayacaq. Dövlət katibinin planına görə, bir neçə zərbədən sonra İran Vaşinqtona təcili danışıqlara başlamaq niyyətində olduğunu bəyan edəcək.
Lakin ABŞ-ın Müdafiə naziri Mark Esper planın əleyhinə çıxıb. Nazir Prezidentə bildirib ki, ABŞ-ın İraqdakı hərbi bazasına İranın hücum etdiyi barədə sübut yoxdur. Bundan sonra Prezident D.Tramp İrana qarşı hərbi əməliyyat keçirmək təklifini qəbul etməyib. O, sadəcə olaraq, İraqdakı şiə dini qruplaşmalarının bazasını bombalamağa icazə verib.
“The New York Times” qəzetindəki məqalə İran mətbuatı tərəfindən tərcümə olunaraq dərc edilib. Bu məsələ İranda sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran