Tələbə-ekoloq: Tələbimiz haqq, mübarizəmiz dönməzdir
Şuşa , 15 dekabr, AZƏRTAC
Ölkəmizin mədənlərinin qanunsuz şəkildə talan edilməsi və istifadə olunmasının dayandırılması, “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden yatağında monitorinq aparılmasının təmin olunması dörd gündən bəri gecəli-gündüzlü aksiya keçirənlərin başlıca tələbidir. Biz gələcəyin ekoloqları bununla barışa bilmərik. Ona görə də tələbə yoldaşlarımla birlikdə vətəndaş cəmiyyəti nümayəndələri, ictimai fəallar və könüllülərlə birlikdə aksiyaya qoşularaq “Ekoloji terrora son”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır” şüarları ilə etirazımızı bildirir, Rusiya sülhməramlıları kontingentinin komandanı general Volkovun qarşımıza çıxıb buna aydınlıq gətirməsini tələb edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri ekoloji terrora etiraz əlaməti olaraq Laçın-Şuşa yolunda aksiyaya qoşulan Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbəsi Məhluqə Cəfərli deyib.
“Bizim tələbimiz haqq, mübarizəmiz dönməz, məramımız aydındır. Bu gecə göyə uçurulan 44 göyərçin də bunun bir simvoluna çevrildi. Torpağımızın sərvətlərinin talan edilməsi, faydalı qazıntı yataqlarının istismar edilməsi ilə qətiyyən barışa bilmərik. Mübarizəmiz davam edir və geri çəkilmək fikrimiz yoxdur. “Haqq nazilər, ancaq üzülməz”, - deyiblər. Ümid edirik ki, neçə gündən bəri davam edən dinc aksiyamız, xalqımızın qanuni tələbləri cavabsız qalmayacaq və ədalət zəfər çalacaq”, - deyə tələbə-ekoloq əlavə edib.