“Tələbə-Məzun” dövlət elektron məlumat sistemində 21 min 83 bakalavra dair məlumatlar mövcuddur
Bakı, 2 mart (AZƏRTAC). Ötən il istifadəyə verilmiş “Tələbə-Məzun” dövlət elektron məlumat sisteminə (TMMS) təhsil müəssisələri tərəfindən bakalavriat və magistratura səviyyələri, orta ixtisas təhsili pilləsi üzrə müxtəlif növ məlumatlar daxil edilmişdir. Sistem eyni zamanda, dövlət informasiya ehtiyatlarının reyestrinə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə dövlət qeydiyyatına alınmışdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün ərizə vermiş 21 min 623 bakalavrdan 21 min 83 nəfərinə dair məlumatlar mövcuddur.
Sənəd verənlərdən əvvəlki ilin məzunu olan 9 min 273 bakalavrın 3 min 263 nəfərinin diplom məlumatı ali təhsil müəssisələri tərəfindən TMMS-ə daxil edilmişdir.
Komissiyanın keçirdiyi qəbul imtahanları ilə heç bir təhsil müəssisəsinə qəbul olunmayan bakalavrların sayı 600 nəfərdir. Onlardan 163-ü ali məktəbləri cari ildə bitirəndir. 437 nəfər isə ali məktəbləri əvvəlki illərdə başa vurmuşdur. Onlardan da 82-si 2012-ci ilin məzun bakalavrdır.
Ali təhsil müəssisələrini bitirənlər kontingentində göstərilən 9 min 270 bakalavrdan 2 min 617 nəfəri ali məktəbləri 2012-ci ildə bitirmişlər. Onlardan yalnız 2 min 283 nəfərinin diplom məlumatları sistemə daxil edilmiş və 334 nəfərin diplom əmrləri sistemə daxil edilməmişdir.
Qanunvericilikdə sistem istifadəçilərinin məsuliyyətləri və inzibati tədbirlər də nəzərdə tutulmuşdur. Belə ki, təhsil müəssisələri məlumatların 10 iş günü ərzində serverə ötürülməsinə, ötürülmüş məlumatların tam və düzgün olmasına məsuliyyət daşıyırlar. Məlumatların sistemə vaxtında və düzgün daxil edilməməsinə görə Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsi”ndə xüsusi maddə nəzərdə tutulmuşdur (Maddə 348-4).