“Təmiz Şəhər” “Kaspi” liseyinin daha bir filialında xüsusi tullantı qutuları yerləşdirdi
Bakı, 10 mart, AZƏRTAC
“Təmiz Şəhər” ASC “Kaspi” liseyinin Xətai rayonunda yerləşən filialında xüsusi tullantı qutuları yerləşdirib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fərqli rəngdə olan qabların birinə şagirdlər yalnız butulkaları, digərinə isə lazımsız kağız və karton materialları atacaqlar. Bununla əlaqədar liseydə keçirilən tədbirdə “Təmiz Şəhər”in əməkdaşları şagirdlərə bu qutulardan düzgün istifadə qaydalarını izah edib və tullantıların təkrar emalı mövzusunda məlumat veriblər.
“Kaspi” liseyində quraşdırılan qutularda yığılacaq tullantılar həm də təkrar emala yönəldilərək onlardan istifadəyə yararlı materiallar hazırlanacaq. Liseyin Sabunçu rayonundakı filialında iki ay əvvəl qoyulan qablardan indiyədək 500 kiloqrama yaxın makulatura toplanıb.